Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində NTD "Abşeron"a 74:81 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, NTD-nin baş məşqçisi Tahir Baxşıyev məğlubiyyəti şərh edib.

"Belə bir oyundan sonra danışmaq çətindir. Fikirləşirdik ki, hər şey başqa cür olacaq. Amma necə oldu, elə də oldu. Bu idmandır. Ola bilsin ki, biz sadəcə emosional baxımdan tükəndik. Hər kəs uğur qazanmaq istəyirdi. Xüsusilə ölkə kubokundakı qələbədən sonra. İstək çox böyük idi. Bu komandanın potensialı daha yüksək idi. Amma istədiyimizi göstərə bilmədik. “Abşeron”u təbrik edirəm və onlara daha da irəliləməyi arzulayıram. Yenə də, bu idmandır. Burada həm qələbələr, həm də məğlubiyyətlər olur. Biz ölkə kubokunu qazandıq. Amma çempionatda mövsüm uğursuz alındı" 

Mütəxəssis Bakı klubu üçün 2024-25 mövsümünü dəyərləndirib:

"Mövsümə gənc oyunçularla başladıq. Sonra komandaya daha təcrübəli oyunçular qoşuldu. Onlar ölkə kubokundakı qələbəmizə əhəmiyyətli töhfə verdilər. “Abşeron”a qarşı oyunlarda isə aparıcı oyunçuların yorğunluğu və zədələr sözünü dedi. Amma biz bəhanə axtarmırıq. Kubokun sahibi olaraq NTD avrokuboklarda iştirak edəcəkmi? Bu barədə hələ düşünməmişik. Bu gün üçün mövsüm bizim üçün başa çatıb. Onu analiz etmək lazımdır. Sonra gələcək planlar barədə düşünəcəyik".