Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziadada 3x3 basketbolu üzrə qrup mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, həm oğlanlardan, həm də qızlardan ibarət Azərbaycan yığmaları qrupdakı son oyunlarda qələbə qazanıblar.

Zaur Paşayevin başçılıq etdiyi oğlanların komandası Kosta Rika (19:5) və Nepalı (18:10) üstələyib.

Qızlarımız isə Çili-2 komandasını 12:1 hesabı ilə üstələdikdən sonra Ukrayna yığmasına əlavə vaxtda qalib gəliblər - 16:14.

Qeyd edək ki, bu nəticələrdən sonra oğlan komandamız qrup ikincisi kimi 1/8 finala, qızlarımız isə qrup dördüncüsü kimi 1/4 finala vəsiqə qazanıblar.

Sabah Bakı vaxtı ilə saat 12:40-da oğlanlarımız Kosta Rikadan olan həmyaşıdları ilə qüvvələrini sınayacaqlar. Qızlardan ibarət yığmamız isə saat 13:20-də Çinlə qarşılaşacaq.