"Bu gün biz qələbə qazana bilərdik. Təssüf ki, bunu bacarmadıq. Çox üzücü şəkildə məğlub olduq. Bilmirəm oyunçularıma nə deyim...".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç deyib.

Onun rəhbərlik etdiyi komanda bu gün Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk görüşündə "Gəncə"yə səfərdə uduzub (92:96). Çalışdırıcı cavab qarşılaşmasında qələbəyə ümidi olmadığını bildrib: "Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçularımın top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir. Soyunub-geyinmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirdim. Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna çox pis təsir edir. Digər tərəfdən heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda matçlarda nəticə qazanmaq çətin olur. Lənkərandakı cavab oyununda nəyinsə dəyişəcəyini düşünmürəm. Əksinə "Gəncə" daha güclü heyətlə oynayacaq".

Qeyd edək ki, "Lənkəran" qarşılaşmanın böyük hissəsində hesabda irəlidə olsa da, son 33 saniyədə rəqibin 9 xal qazanmasına imkan verib.

Cavab görüşü aprelin 13-də keçiriləcək. Pley-ində ilk 2 qələbə qazanan tərəf pley-offa (1/4 final) çıxacaq.