NBA-nın ən parlaq oyunçularından biri olan Rassell Uestbruk peşəkar basketbolçu karyerasını başa çatdırdığını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, 37 yaşlı oyun qurucu bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Uestbruk son mövsümü "Sakramento"da keçirib və 2025/26 mövsümündə 64 oyunda orta hesabla 15,2 xal, 6,7 assist və 5,4 ribaundla yadda qalıb.

Uestbruk 2008-ci il NBA dreftində "Sietl Supersoniks" tərəfindən 4-cü seçimlə seçilib, daha sonra klub "Oklahoma Siti Thunder"ə köçüb. Karyerasının ilk 11 mövsümünü məhz bu komandada keçirən Uestbruk, Kevin Durantın gedişindən sonra əsas liderə çevrilib.

Onun üçün ən uğurlu mövsüm 2016/17-ci il olub: həmin vaxt orta hesabla 31,6 xal, 10,7 ribaund və 10,4 assist toplayıb, 42 tripil-dabl edərək NBA tarixində rekord müəyyənləşdirib və mövsümün ən dəyərli oyunçusu (MVP) seçilib. Uestbruk dörd dəfə mövsümü tripil-dabl göstəriciləri ilə başa vurub ki, bu da NBA tarixində heç bir oyunçuda olmayıb.

O, ümumilikdə 209 tripil-dabla liqada rekordçudur. Uestbruk karyerası ərzində doqquz dəfə "All Star" oyununda iştirak edib və doqquz dəfə mövsümün rəmzi yığmasına seçilib. "Oklahoma"dan ayrıldıqdan sonra "Hyuston", "Vaşinqton", "Los Anceles Leykers", "Klipers", "Denver" və "Sakramento" klublarında çıxış edib.