Keçmiş NBA oyunçusu Mayk Bibbi hesab edir ki, 2002-ci ildə "Los Anceles Leykers" Qərb Konfransının finalında onun çıxış etdiyi "Sakramento Kinqs" üzərində qələbəni ədalətsiz şəkildə qazanıb.
Offsideplus.az xəbər verir ki, Bibbi bu fikrini "All Star" oyununun yeddiqat iştirakçısı Co Consonla söhbətində bildirib.
Conson deyib: "Sizinlə oynamaq əla idi. Bunu heç vaxt unutmayacağam. Kriş Uebber, Vlade Divats, Daq Kristi – bu oyunçuların ötürmələri və oyun düşüncəsi inanılmaz idi. Sən də bu heyətə qoşulanda komanda çox güclü olmuşdu. Xüsusilə "Kinqs" və "Leykers" arasında o məşhur duelləri xatırlayıram. İndi liqanın tarixini bildiyimiz halda, bəlkə də sizə haqsızlıq edilmişdi...".
Bibbi isə zarafatla cavab verib: "Bir az?!".
Conson soruşub: "Doğrudan düşünürsən ki, hər şey belə olub?".
Bibbi isə əlavə edib: "Bəli, əlbəttə! Orada baş verənləri görmüsən? O an bütün karyeramı dəyişə bilərdi. O vaxt əla formada idim. Təsəvvür et, əgər biz finala çıxsaq və mən finalın ən dəyərli oyunçusu olsam, bu, indiki nailiyyətlərimdən qat-qat üstün görünərdi".
Qeyd edək ki, Qərb finalının altıncı oyununda "Los Anceles Leykers" şübhəli hakim qərarları ilə "Sakramento Kinqs"i məğlub edərək seriyada hesabı 3:3 etmiş, daha sonra isə yeddinci oyunda qələbə qazanaraq NBA finalına yüksəlmişdi.


