Azərbaycanın müxtəlif yaş qrupları (U-18 və U-20) üzrə qız və oğlan basketbol yığmalarının Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı komandalar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, U-18 qızlar yığması mübarizəyə B divizionunun A qrupunda başlayacaq. Millimiz burada İslandiya, Portuqaliya, Rumıniya və Niderland seçmələri ilə qüvvəsini sınayacaq. Bu qrupun oyunları 31 iyul – 9 avqust tarixlərində baş tutacaq.
U-18 oğlanlardan ibarət komandamız isə B divizionunun B qrupunda yer alıb. Basketbolçularımız Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarına qarşı yarışacaqlar. Matçların təqvimi 24 iyuldan 2 avqusta qədər müəyyən edilib.
U-20 qızlar komandası üçün də rəqiblər dəqiqləşib. Kollektivimiz B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla qarşılaşacaq. Bu qrupda oyunlar iyulun 4-dən 12-dək keçiriləcək.
Nəhayət, U-20 oğlan yığmamız A qrupunda İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya ilə mübarizə aparacaq. Turnirin bu mərhələsi iyulun 10-da start götürəcək və 19-da yekunlaşacaq.


