“Absheron Lions”un baş məşqçisi Erhan Toker “Neftçi” ilə oyundan sonra qarşılaşmanı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşün böyük hissəsində komandalarının yaxşı oyun nümayiş etdirdiyini bildirib:
“Matçın əksər hissəsində yaxşı oynadıq. Yalnız üçüncü periodu istisna edə bilərik.”
Toker zədədən qayıdan basketbolçular barədə də danışıb:
“Saadettin Donat və Arinze Chidomun sağalıb heyətə qayıtması bizim üçün sevindirici oldu. Saadettin yaxşı təsir bağışladı, Arinzeni isə kontrollu şəkildə oynatmağa çalışdıq.”
Baş məşqçi oyunun sonlarında yaranan çətinliklərə də toxunub:
“Görüşün sonuna yaxın De Ondre Ceksonun dörd foul alması bizi bir qədər çətin vəziyyətə saldı. Rəqib də James Frazierin tək qalmasından istifadə edərək onun üzərinə oynadı. Buna baxmayaraq, qələbəni qorumağı bacardıq.”
Toker hər iki komandanın layiqli mübarizə apardığını vurğulayıb:
“Mənə görə, hər iki komanda yaxşı mübarizə apardı. Basketbolçularımı qələbə münasibətilə təbrik edirəm. Rəqibə isə nümayiş etdirdiyi gözəl oyuna görə təşəkkür edirəm.”
Növbəti turda əsas rəqiblərdən biri olan “Sabah”la qarşılaşacaqları barədə sualı cavablandıran Erhan Toker bu sözləri deyib:
“Sabah" liqanın ən keyfiyyətli komandasıdır. Onlar hər oyunda bunu sübut etmək üçün parketə çıxırlar. Biz onlara böyük hörmətlə yanaşırıq. Güclü baş məşqçiləri və oyunçuları var.”
O, qarşıdakı matçla bağlı hədəflərini də açıqlayıb:
“Bu oyunlar bizim üçün öz səviyyəmizi müəyyənləşdirmək baxımından önəmlidir. Gələn həftə keçiriləcək qarşılaşmada da bacardığımızın ən yaxşısını edərək qələbə qazanmağa çalışacağıq.”


