Millətlər Liqasının püşkatmasından sonra futbol ictimaiyyətinin böyük qismi qrupdakı rəqiblərə rəqib gözü ilə baxmağı özünə sığışdırmır.

Offsideplus.az xəbər verir ki, artıq çoxları yığmamızın pley-offda üzləşə biləcəyi komandaları müzakirə etməyə başlayıb.

Doğrudu, ilk baxışdan Kosovo, Farer adaları və Malta güclü görünmürlər. Ən azı “dişimizə” görə komandalardı. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan yığması da onların “dişinə” görədi. Belə olmasaydı, D liqasında nə işimiz var idi?

Malta və Farer adaları ilə qarşılaşmışıq. Farer adaları ilə yalnız 1996-cı ildə yoldaşlıq görüşündə üz-üzə gəlmişik və 3:0 hesablı qələbə qazanmışıq. Malta isə 6 dəfə millimizə rəqib olub, fərqli nəticələr qeydə alınıb. Maltanı qrupun autsayderi hesab etmək olar. Ancaq Farer adalarına o gözlə baxmağa haqqımız yoxdu. FİFA reytinqində 118-ci yerdə qərarlaşan yığmamızın bu komandadan 21 pillə geridə olmasını söyləmək, yəqin ki, kifayət edər.

O ki qaldı Kosovoya, yaxın illərdə müstəqillik əldə edən rəqibə qapazaltı kimi yanaşanların onların heyətlərinə baxmaları məsləhətdi. Azərbaycanın ölkə xaricində legioner həyatı yaşayan 2-3 normal futbolçusu varsa, Kosovo yığmasının oyunçularını öz ölkələrində tapmaq müşkül məsələdi. Təkcə ötən il milliyə dəvət edilənlərin 33-nün, yəni hamısının legioner həyatı yaşadığını vurğulamaq kimin güclü, kimin zəif olduğunu ortaya çıxarır. Onlardan yalnız 2-si hazırda klubsuzdu.

Yığmamızın cəmi 3 üzvü - Pavel Paşayev, Dmitri Nazarov və Araz Abdullayev ölkə xaricində normal çıxış etdikləri halda, balkanlıların İtaliya, Belçika, Hollandiya, İngiltərə və Almaniyada legioner həyatı yaşayan futbolçuları var. “Roma”, “Mançester Siti”, “Borussiya” (Dortmund), “Şalke” kimi klubların yetirmələrinin, İngiltərə Premyer Liqasında, İtaliya A seriyasında, Almaniya Bundesliqasında çıxış etmiş futbolçuların cəmləşdiyi komandaya necə zəif demək olar? Biz hələ onların Xorvatiya, Belçika, Ukrayna, İsveçrə, Norveç, İsveç, Rusiya, Avstriya və Türkiyədə oynayan futbolçularını demirik.

Real yanaşsaq, əslində qrupun favoritinin məhz Kosovo olduğunu görərik. Azərbaycan və Farer adaları yığmalarının qrup liderliyi şansları isə balkanlıların göstərəcəyi oyundan asılı olacaq.

Kosovo yığmasının legioner həyatı yaşayan futbolçuları:

Qapıçılar: Samir Uykani (“Kremoneze”, İtaliya), Adis Nurkoviç (“Flamurtari”, Albaniya)

Müdafiəçilər: Amir Rahmani (“Dinamo”, Zaqreb, Xorvatiya), Bayram Yaşaniça, Fidan Aliti (hər ikisi “Skenderbeu”, Albaniya), Mergim Voyvoda (“Muskron”, Belçika), Lirim Kastrati (“Roma”, İtaliya), Ardin Dallku (“Vorskla”, Ukrayna), Leart Paqarada (“Sandhauzen”, Almaniya), Alban Pnişi (“Qrasshoppers”, İsveçrə), Avni Pepa (“Arendal”, Norveç), Adrian İsmayili (“Hayduk”, Xorvatiya)

Yarımmüdafiəçilər: Bernard Berişa (“Axmat”, Rusiya), Hekuran Kryeziu (“Lütsern”, İsveçrə), Milot Raşika (“Vitess”, Hollandiya), Valon Berişa (“Zalsburq”, Avstriya), Besar Halimi (“Brondbü”, Norveç), Besar Musolli (“Kukesi”, Albaniya), Suad Sahiti (“Skenderbeu”, Albaniya), Bersant Çelina (“İpsviç”, İngiltərə), Enis Aluşi (“Nürnberq”, Almaniya), Arber Zeneli (“Herenven”, Hollandiya), Benjamin Kololli (“Lozanna”, İsveçrə), Anel Raskay (“Eskilstuna”, İsveç), Herolind Şala (“Lyunqbyu”, Danimarka)

Hücumçular: Atdhe Nuhiu (“Şeffild Venzdi”, İngiltərə), Vedat Muriqi (“Çaykur Rizəspor”, Türkiyə), Elba Raşani (“Odd”, Norveç), Flamur Kastrati (“Sandefyord”, Norveç), Donis Avdijay (“Roda”, Hollandiya), Besart Berişa (“Melburn”, Avstraliya)

apasport.az