“Komandada çox gözəl ab-hava var. Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir".

Offsideplus.az xəbər verir ki, bu fikirləri millimizin oyunçusu Abbas Hüseynov sabah Kişinyov şəhərində Moldova seçməsi ilə keçirəcəkləri yoldaşlıq matçından əvvəl təşkil olunan mətbuat konfransında səsləndirib.

O, bu matçların yığmamızın seçmə mərhələdəki oyunlarına müsbət təsir göstərəcəyini deyib:

"Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq. Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq. Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, sabahkı oyundan da qalib ayrılacağıq. Bu cür qələbələr komandada qələbə ruhunu artırır. Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir. Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.