Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Azərbaycan Premyer Liqasının 21-ci turunun “Neftçi” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, moldovalı futbolçu əvvəlcə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı şərh edib.

- Pis oyun alınmadı. “Neftçi” ciddi rəqibdir. Topa yaxşı nəzarət edirlər. Amma bizim də imkanlarımız oldu. Həm hesab 0:0 olarkən, həm də ilk qolu buraxdıqdan sonra fərqlənmək üçün fürsətlər yaxaladıq. 
Epizodları qola çevirə bilmədik. Bunun üzərində işləməliyik. İnanıram ki, növbəti oyunlarda qollarımızı vuracağıq.

- İkinci hissədə əvəzlənməyiniz zədə, yoxsa yorğunluqla bağlı idi?

- Kiçik zədəm var idi. Ona görə özümü pis etdim. Baş məşqçi də əvəzlədi.

- Meydanda aqressiv və sərt oynayırdınız...

- Mənim üçün meydanda dost yoxdur. Qələbə qazanmaq istəyirsənsə, mübariz olmalısan.

- İlk hissədə “Səbail”, ikinci yarıda isə “Neftçi” daha yaxşı oynadı. Fasilədən sonra oyununuz niyə alınmadı?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki rəqibin üstünlüyünü elə də hiss etmədim. Düzdür, “Neftçi” ikinci hissədə topa daha yaxşı nəzarət edirdi. Ancaq qola qədər rəqibin hansısa üstün cəhətini görmədim. 

- Kifayət qədər qol imkanlarınız olsa da, bunu sağa-sola xərclədiniz...

- Elə mən də onu deyirəm. Təəssüf ki, istifadə edə bilmədik. Olan şeydir, bunun üstündə daha çox çalışmalıyıq.