Avropa Çempionatında A qrupunda yer alan Türkiyə millisi İsveçrə və Uelslə 2 oyunu Bakı Olimpiya Stadionunda keçirəcək.

Offsideplus.az xəbər verir ki, Türkiyə millisi oyunlara hazırlıq məqsədilə 2 oyun keçirəcək. Rəqbilər Azərbaycan və Xorvatiya yığma komandalarıdır. Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında mayın 26-da Azərbaycan millisi ilə Antalyada üz-üzə gələcəklərini söyləyib. Xorvatiya ilə oyun isə 1 iyunda baş tutacaq.

Azərbaycan - Türkiyə matçının məkanı və başlama vaxtı ilə bağlı AFFA-nın Mətbuat Xidməti rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. AFFA rəsmisi bu məlumatların qısa vaxtda dəqiqləşdirildikdən sonra açıqlanacağını bildirdi.

Xatırladaq ki, AVRO-2020 çərçivəsində iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.