"Sabah" - "Neftçi" matçına proqnoz vermək çətindir. Ona görə ki, hər iki komanda qeyri-sabit oyun göstərir".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında futbol mütəxəssisi, Azərbaycan yığmasının və "Səbail", "Kəpəz", "Qarabağ" kimi klubların sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli çalışdırıcı Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində sabah keçiriləcək cavab görüşləri barədə fikirlərini bölüşüb. O, "Sabah" və "Neftçi" arasındakı mübarizədən danışarkən şansları bərabər qiymətləndirib: "Belə demək mümkünsə, ilk hissədən sonra "Sabah" 1 top fərqi ilə öndədir. Ancaq nə birinci oyundakı qələbəyə, nə də doğma meydan amilinə arxayınlaşıb, cütün favoritinin "Sabah" olduğunu deyə bilərəm. Şanslar bərabərdir. Matçda birinci qol çox vacib olacaq. Əgər "Neftçi" böyük qüvvə ilə irəli atılarsa, "Sabah" əks-hücum taktikası seçəcək. Bu məqamda "Neftçi" ehtiyatlı olmalıdır. "Sabah"ın müdafiəsi etibarlı deyil, "Neftçi"nin isə hücum xətti sönükdür. Belə nüansları nəzərə alıb, proqnoz verməyə çətinlik çəkirəm".

58 yaşlı məşqçi avrokuboklara düşmək baxımından matçın yaratdığı təzyiqdən danışıb: "Hər iki tərəf üçün bu, ölüm-dirim mübarizəsini xatırladır. Uduzan komanda üçün mövsüm başa çatmış olacaq. Çünki həmin klub titulsuz qalacaq, Premyer Liqadakı qalan 5 oyunun nəticəsi isə heç bir əhəmiyyət kəsb etməyəcək. Düşünürəm ki, funksional, fiziki, psixoloji cəhətdən hazır olan tərəf finala adlayacaq".

Ş.Diniyev digər yarımfinal cütü "Qarabağ" - "Araz-Naxçıvan" barədə də rəyini açıqlayıb. O, birinci matçda minimal hesabla uduzmasına baxmayaraq, Ağdam təmsilçisini finala daha yaxın hesab edir: "Bu oyuna proqnoz vermək daha asandır. Çünki komandaların necə futbol oynadığını bilirik. Düzdür, "Qarabağ" ilk görüşdə uduzub. Lakin bu komandanın hücum xəttinin potensialı böyükdür, rəngarəngdir. Komanda tam gücünü ortaya qoyarsa, qol vurmaq çətin məsələ olmayacaq. Hər halda, məsələnin bəxt tərəfi də var. "Qarabağ" hücuma keçəcəyi təqdirdə, "Araz-Naxçıvan" Felipe Santos, Ramon Maçado kimi səviyyəli futbolçuların sayəsiində rəqibi əks-hücumlarda yaxalamağa çalışacaq. Hətta buraxılan bir qol belə "Araz-Naxçıvan" üçün qırılma nöqtəsi olmayacaq. Kağız üzərində "Qarabağ"ın finala çıxmaq şansını 60/40-a qiymətləndirirəm".