"İki fərqli hissə izlədik. Məğlub olmalı deyildik, amma uduzduq".
Offsideplus.az-ın Sumqayıta ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsində uğursuzluq yaşayan şəhərin eyniadlı komandasının baş məşqçisi Vaqif Cavadov deyib.
36 yaşlı çalışdırıcı doğma azarkeşlər önündə "Sabah"a 0:4 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: "10 oyun 0 qol... Təəssüf ki, fikirləşdiklərimizi reallaşdıra bilmədik. Heyətdə kasadlıq var. Epizodlar yaradırıq, ancaq qol vura bilmirik. Bu gün "Sabah"ın 4 qol imkanı oldu, hamısından da istifadə etdi. Söhbət "klas"dan, oyunçu səviyyəsindən gedir".
Problemi özündə görməyən V.Cavadov "qara zolaq"dan çıxacaqlarına inandığını söyləyib: "İstefa verməyimi istəyirsiniz? Düşünmürəm ki, problem məndədir. İnanıram ki, rəhbərlik məni göndərməyi düşünmür. Vəziyyətdən çıxacağıq. Deyirsiniz ki, Vaqif çox danışır, az iş görür. Tövsiyələrə qulaq asıram. Bundan sonra az danışıb, çox iş görəcəyəm".
Baş məşqçi azarkeşlərin komandanın Premyer Liqadakı yerini də itirəcəyi mənasını verən "Vaqif, divizion bizi gözləyir" şüarına da münasibət bildirib: "Komandada problem var. Biz bu siqnalı aldıq. Amma mən Nostradamus deyiləm ki, gələcəyi görüm. Gedişat normaldır. Bir qələbə hər şeyi dəyişəcək".