Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümü start götürəcək. Komandalarımızdan "Zirə" mübarizəyə ilk qoşulanlardan olacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv səfərdə Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. Matç 21:00-da start götürəcək.
"Şerif"in beynəlxalq arenada təcrübəsi çox olsa da, komanda əvvəlki gücünü saxlaya bilməyib. Tiraspol təmsilçisinin avrokubokdakı çıxışına nəzər saldıqda, qeyd etmək lazımdır ki, onlar 1 dəfə Çempionlar Liqasında, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Komanda 2021-ci ildə Çempionlar Liqasının qrupunda səfərdə "Real"a qalib gələrək adından söz etdirməyi bacarıb. Bundan başqa, onlar 2003 və 2009-cu illərdə Birlik Kubokunda qızıl medalları qazanıb.
"Qartallar"ın avrokubok xronologiyasına nəzər saldıqda, deyə bilərik ki, kollektiv beynəlxalq arenada debütünü 2017/18 mövsümündə edib. Onlar Avropa Liqasının I təsnifat mərhələsində “Differdanj”ı (Luksemburq) məğlub edib (2:0, 2:1). Lakin növbəti mərhələdə Rumıniyanın “Astra” komandası ilə bacarmayıblar. İlk oyunda rəqib qələbə qazanıb (1:3), ikinci matç isə qolsuz heç-heçə ilə başa çatıb.
2022/23 mövsümündə isə Konfrans Liqasında debüt edən komandanın startı uğurlu olmayıb. Qəsəbə təmsilçisi İsrailin “Makkabi” klubu ilə üz-üzə gəlib və iki oyununu nəticəsinə görə mübarizəni dayandırıb (0:3).
Qeyd edək ki, cütün məğlubu mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.