"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə keçirəcəyi oyunların hakimləri məlum olub.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda baş tutacaq ilk görüşünü Moldovadan olan ədalət təmsilçiləri idarə edəcək.
Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona yan xətlərdə Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim vəzifəsini Andrey Brequta icra edəcək. Matçın VAR hakimi isveçrəli Luka Cibelli, AVAR hakimi isə Anoen Kanaqasinqam olacaq.
Cavab qarşılaşmasında isə ədalət çexiyalı briqadaya həvalə edilib. Meydanda baş hakim funksiyasını Marek Radina yerinə yetirəcək. Onun köməkçiləri Kamil Hayek və Petr Kotalik, dördüncü hakim isə Daniel Vokoun olacaq. Monitor arxasında isə VAR hakimi Tomaş Koçurek və AVAR hakimi Andrey Berka əyləşəcək.
Qeyd edək ki, komandalar arasında Bakıdakı ilk oyun iyulun 9-u saat 20:00-da, İslandiyadakı cavab matçı isə iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da başlayacaq.


