Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" ilə qarşılaşacaq İslandiyanın "Vestri" klubu Bakıya gəlməyin yollarını axtarır. 

Offsideplus.az xəbər verir ki, klub sosial şəbəkə paylaşımında azarkeşlər arasında Bakıya futbol səfərinə marağın olub-olmadığını öyrənməyə çalışdığını bildirib.

Paylaşımda qeyd olunub ki, Bakıya uçuş biletlərinin qiyməti təxminən 200–250 min İslandiya kronu civarındadır. Klub maraqlı olan azarkeşlərdən şərhlərdə münasibət bildirmələrini istəyib ki, səfərin təşkilinin mümkün olub-olmadığı müəyyənləşdirilsin. 

"Vestri" hazırda Azərbaycanda keçiriləcək Avropa oyunu üçün ən yaxşı variantları araşdırır.

Bakıya futbol səfəri ilə maraqlanırsınızsa, bunu mütləq bizə bildirin. Uçuş xərcləri təxminən 200.000–250.000 İslandiya kronu ola bilər. Şərhlərdə yazın, biz də bunun mümkün olub-olmadığını qiymətləndirək", deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 200-250 min İslandiya kronu təxminən 2 700-3 400 Azərbaycan manatı edir.

İyulun 9-da "Qarabağ" Bakıda "Vestri"ni qəbul edəcək. 16 iyulda isə səfər matçı keçiriləcək.