Bakıda keçiriləcək AVRO-2020-nin oyunlarının bilet satışı mayın 15-də bərpa ediləcək.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AFFA-nın saytına açıqlamasında məlumat verib.
Qurum rəsmisi stadionun ümumi tamaşaçı tutumunun cəmi 50 faizinə azarkeşlərin buraxılacağını nəzərə alaraq, futbolsevərlərə biletlər satışa çıxan kimi tələsməyi məsləhət görüb:
"Bizi maraqlı oyunlar gözləyir. Xüsusilə, qardaş Türkiyə millisinin iki oyununun Bakıda keçiriləcəyini bir daha xatırlatmaq istərdim. Özünəməxsus futbol ənənələrinə malik Uels və İsveçrə millilərinin qarşılaşmasının da maraqlı olacağına şübhə etmirəm. Bakı Olimpiya Stadionunda izləyəcəyimiz 1/4 final oyununda isə Avropa çempionu adına iddialı iki komandanın qarşılaşa biləcəyi istisna olunmur. Stadiona girişlə bağlı qaydaları bilet satışı başlamazdan öncə detallı şəkildə təqdim edəcəyik. Sağlam olaq və böyük futbol həyəcanına birgə şahidlik edək”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.