Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels yığmasının baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, Uels yığması iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, iyunun 17-də isəTürkiyə ilə qarşılaşacaq. Bundan əlavə, Azərbaycan paytaxtında iyunun 21-də İsveçrə - Türkiyə matçı, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu təşkil olunacaq.