“Şamaxı” klubunun azarkeş qrupu “Sektor 56” fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, buna klub və fan-qrup arasında yaranan problemlər səbəb olub. Belə ki, fan-klub rəhbərlikdən hücumçu transferi, tribunalardakı şəraitsizliklə bağlı tədbir görməsini istəyib. Bundan əlavə, azarkeşlərin Şamaxı şəhər stadionundakı fəaliyyətinə rayon polisi mane olub. Polis azarkeşlərin səs-küy salmağına, bəstə oxumağına və köynəklərini çıxarmağa imkan verməyib.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovla əlaqə saxladıq. Klubun sözçüsü saytımıza açıqlamasında azarkeş qrupu ilə bu həftə görüş keçirəcəklərini bildirdi:

“Qrup fəaliyyətini dayandırmayıb. Dünən fan-klubun rəhbəri ilə Qəbələdə görüşümüz oldu. Sadəcə istəkləri var. Həftəiçi onlarla yenidən görüşəcəyik, çalışacağıq ki, əlimizdən gələn köməyi göstərək. Özləri ilə danışdıq, fəaliyyətlərini dayandırmaqlarını bildirdilər. Əgər bəstədə təhqir yoxdursa, polis oxumaqlarına qarışa bilməz. Bu azarkeşin tam haqqıdır. Digər məsələlərə gəlincə, bu həftənin 4-cü günü görüşüb, tribunadakı istəklərini dinləyəcəyik. Ondan sonra lazım gələrsə, klub tərəfindən dəstək göstəriləcək. Ümid edirik ki, hər iki tərəf ortaq məxrəcə gələ biləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi saytımızın sorğusuna cavab olaraq açıqladı ki, polis əməkdaşları nizam-intizam qaydalarının gözlənilməsinə nəzarət edib:

“Polis əməkdaşları qayda, tələblərə uyğun olaraq kütləvi idman tədbirlərinin təşkili və keçirilməsində nizam-intizam qaydalarının qorunması və gözlənilməsini təmin edirlər. Başqa orda hər hansı qanunsuz əməldən söz gedə bilməz”.

Qeyd edək ki, "Şamaxı" klubu cari mövsüm Azərbaycan çempionatında keçirdiyi 7 oyundan 5-də məğlub olub, 2 heç-heçə edib.