Azərbaycanda fəaliyyət göstərən ən sanballı futbol akademiyalarından biri də "Qəbələ"ninkidir.

Belə demək mümkünsə, “Qəbələ” Azərbaycanda yaradılmış idman infrastrukturu və futbol akademiyasının uğurlu təcəssümü sayılır. Təsadüfi deyil ki,  adıçəkilən akademiyada istedadlı futbolçular yetişir və elitada çıxış edən komandaların heyətinə cəlb olunurlar. Bu, Azərbaycanda bölgə futbolu üçün təqdirediləsi haldır.

..."Qəbələ"nin sayəsində Azərbaycana gətirilən dünya ulduzu

"Qəbələ" 2016-cı ildə Azərbaycan futbolu adına bir ilki reallaşdırıb. Belə ki, çıxışını ancaq mavi ekranlarda görüb sevdiyimiz, şəxsinə pərəstiş etdiyimiz braziliyalı futbol ulduzu Ronaldinyo paytaxtımıza təşrif buyurdu. “Qəbələ” klubu növbəti layihəsini Ronaldinyo ilə birlikdə həyata keçirdi. "Sambaçı"nın doğulub boya-başa çatdığı Portu Aleqri şəhərində, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "Ronaldinho Soccer Academy"nin növbətisi məhz "Qəbələ" klubunun dəstəyi ilə Bakıda açıldı. 

White Beige Red Modern Free Webinar Animated Facebook Post 1

Altı yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçirilirdi. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulurdu. O cümlədən, bu layihə sayəsində Azərbaycan regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulması, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında böyük rol oynayırdı.

Bakı Olimpiya Stadionunun konfrans zalında baş tutan mətbuat konfransının ardından Ronaldinyo stadionun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə də çıxmışdı.

Bu olay uzun müddət Azərbaycanın idman gündəmini xoş mənada zəbt etmişdi. Nəinki Azərbaycanın, hətta xarici ölkələrin nüfuzlu media orqanları da Ronaldinyonun ölkəmizə gəlişindən yazmış, fenomenin "Qəbələ" ilə layihəsini geniş işıqlandırmışdılar.

"Qəbələ"nin Azərbaycan futboluna verdiyi töhfə bununla bitmiş deyil. Əyalət təmsilçisi ölkə futbolunun yoluna bir də 19 yaşlılardan ibarət komandasıyla işıq salır. Belə ki, "Qəbələ" İdman Klubunun U-19 komandası Azərbaycanı UEFA-nın bayrağı altında keçirilən Gənclər Liqasında da təmsil edir. "Qırmızı-qaralar" sözügedən turnirin əvvəlki mövsümlərində uğurlu qrafik cızaraq öz azarkeşləriylə yanaşı, Azərbaycanın futbol ictimaiyyətini də sevindirib. Ancaq 2021/22-ci illər mövsümü "Qəbələ" üçün uğurlu alınmadı. Çempionlar Yolunda mübarizə aparan təmsilçimiz birinci mərhələdəcə Niderlandın güclü "AZ Alkmaar" klubuna "ilişdi". Qəbələdə 0:4, səfərdə isə 0:7 hesabıyla uduzan "Qəbələ" turnirlə erkən vidalaşdı.

Offside

"Radarlar"ın baş məşqçisi Famil Xəlilov ilk matçdan sonra qatıldığı mətbuat konfransında məğlub olmalarına baxmayaraq, Niderlandın adlı-sanlı klubunu Qəbələyə gətirməyin onlar üçün uğur sayıldığını bildirib:

“Bizi necə oyun gözlədiyini, rəqibin kimliyini bilirdik. Niderland və Azərbaycan çempionlarını müqayisə etmək düzgün olmaz. Amma futbolçularımıza inanırdıq. Oyunun nəticəsindən asılı olmayaraq, komanda tapşırıqların müəyyən hissəsini yerinə yetirdi. Futbolçularda bir az soyuqqanlılıq çatmırdı. Bir az sərbəst oynasaydıq, qol epizodlarını dəyərləndirsəydik, nəticə fərqli olardı. Komandamız sonadək mübarizə apardı. Bu da məni sevindirir. Önəmli olan da budur ki, futbolçularımız belə komandalarla oynayır, təcrübə qazanırlar. Ən böyük uğur Niderland çempionunu Qəbələyə gətirməkdir. Oyunçulara tapşırmışdıq ki, öndə pressinq etməyək, müəyyən zonada rəqibi qarşılayaq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu, matçın bəzi hissəsində alındı, bəzisində yox. Cavab görüşündə risk etməliyik. Öndə pressinq etməyi düşünürük. Sürpriz ola biləcəyinə inanırıq. Ümidimizi itirməmişik. Bugünkü oyunda da kifayət qədər qol epizodları yaratdıq”.

Ancaq deyilən kimi olmadı və "Qəbələ" səfərdə daha böyük hesabla yenildi. Baş məşqçinin təbirincə desək, Niderland və Azərbaycan çempionlarını müqayisə etmək doğru olmaz. Ancaq bununla belə əyalət təmsilçisinin məğlubiyyətinin səbəbi nələrin catışıb-çatışmadığını aydınlaşdırmaq üçün futbol ekspertlərimizə müraciət etdik.

Fikirlərini bölüşmək üçün tribuna verdiyimiz məşhur azərbaycanlı mütəxəssis Tərlan Əhmədov fikirlərini belə ifadə etdi: 

"Səfər matçını izləyə bilməsəm də, "Qəbələ"nin "evdəki" oyununa baxdım. Sevindirici haldır ki, komandanın heyətində çox istedadlı futbolçular var. Açığını deyim ki, onların oyunundan həzz aldım. O uşaqların hər birinə güvənmək və şans vermək lazımdır. Hesabı bir kənara qoyaq, birinci növbədə bu uşaqların beynəlxalq oyunlarda təcrübəsi yoxdur. İkincisi də, rəqib komanda kimdir və haranı təmsil edir? Bu nüanslar çox böyük önəm kəsb edir. Həmçinin də deyək ki, bizim futbolçular nə zaman Premyer Liqamızda debüt edib və ya davamlı oynayıblar? Ona görə də, böyük hesaba yox, gənc və istedadlı uşaqlara diqqət verməli, onları irəli çəkməyə çalışmalıyıq". 

Təcrübəli mütəxəssis klubların öz yetirmələrinə xüsusi diqqət göstərməli olduğunu da bildirib:

Offside 1 copy

"Gəlin belə danışaq, bu gün ölkə çempionatında 8 komanda çıxış edir və bu klubların da öz akademiyaları var. Onların içərisində "Neftçi" və "Qəbələ"ni xüsusi qeyd etmək istərdim. Aşağı yaş qrupları üzrə keçirilən yarışlarda hardasa boşluq var ki, məhz bu gün də 19 yaşlı futbolçular təməl olaraq püxtələşə bilməyiblər. Bildiyim qədərilə, "Qarabağ"ın da U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında analoji turnirdə (oxu: UEFA Gənclər Liqası) iştirak edib. Onlar da uğursuzluqla üzləşmişdilər. Yəni dediyim odur ki, Azərbaycanda futbol üzrə aşağı yaş qruplarında böyük problemlər var. Bu, klubların yanaşmasından asılıdır.

Məsələn, bu gün hansı klubumuz öz yetirməsi olan 17, 18, 19 yaşlı futbolçuları əsas heyətində oynadır?  Müqayisə üçün "Qəbələ"nin rəqibi olan "AZ Alkmaar"ı nümunə olaraq göstərə bilərəm. Baxın, komandanın heyətindəki əksər futbolçular Niderland çempionatındakı klublarda çıxış ediblər. Bizdə bu, yoxdur axı. Biz öz akademiyalarımıza az üstünlük veririk. Yeniyetmə futbolçular əsas heyətdə oynadılmırlar və bunun nəticəsində də beynəlxalq matçlarda problem yaşayırlar,  oyuna adaptasiya ola bilmirlər. Daha bir misal çəkim, ölkə çempionatımızda bir komanda böyük hesabla məğlub olursa, baş məşqçi sərəncamında olan 17, 18 yaşlı futbolçunu oyuna salıb, ona Premyer Liqanın ab-havasını, "ləzzətini daddıra" bilər də. Və həmin oyunçu artıq özündə daha böyük məsuliyyət hiss edəcək. Biz deyək ki, bunu birdən-birə dəyişə bilərik, xeyr.

Bunun üçün zaman lazımdır və ən əsası strukturla bərabər futbola yanaşma da dəyişməlidir. O cümlədən, akademiyalarda iş prosesi, məşqçilərin futbolçulara yanaşması da tam dəyişməlidir. Kim deyirsə ki, "Azərbaycanda istedadlı futbolçu yoxdur", o, səhv edir. Azərbaycan təkcə futbolda yox, hər sahədə istedadlar ölkəsidir. Sadəcə, o futbolçulara inanıb, dəyər verib irəliyə aparmaq lazımdır. Dediyim kimi, yanaşma və struktur dəyişməlidir. Bu sadaladıqlarım öz yerini tapdıqdan sonra artıq inkişafı görə bilərik".

1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.