"Breşia"nın formasını geyinən Mario Balotelli, Verona ilə səfər qarşılaşmasında ona qarşı edilən irqçiliyə üsyan etdi.
Offsideplus.az xəbər verir ki, matçın ikinci hissəsində qapı xətti qarşısında rəqiblə ikili mübarizəyə girən Balotelli azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb. Hücumçu tribunadan səsləndirilən irqçi şüarların ardından topu əlinə götürüb və tribunaya tərəf atıb, ardınca isə paltardəyişmə otağına doğru yönəlib.
"Breşia" və "Verona"nın oyunçuları İtalyan hücumçunu çətinliklə fikrindən yayındıraraq meydanda qalmasına nail oldular.
Matçın hakimi Maurisio Mariano FİFA-nın yeni qaydaları çərçivəsində irqçi davranışlara görə oyunu dayandırıb. Stadionda anons edildikdən sonra matç davam etdirilib.
"Verona"nın 2-1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada "Breşia"nın yeganə qolunu 85-ci dəqiqədə Balotelli vurub.