İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiano Tommazi koronavirus epidemiyasına görə AVRO-2020-nin keçirilməsini təhlükəli hesab edir.

Offsideplus.az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, assosiasiya rəsmisi UEFA-nın turnirin təxirə salınması ilə bağlı məsələyə baxmalı olduğunu bildirib: "Koronavirus təkcə İtaliyanın problemi deyil. A Seriyası azarkeşsiz davam edəcək. Futbolçular arasında buna razılaşan və qarşı çıxanlar var. Bütün mümkün tədbirləri görürük, amma oyunçular meydanda risk altındadır. Ən pisi, bir futbolçu virusa yoluxsa, bütün komanda karantinə alınacaq".

Qeyd edək ki, İtaliyada aprelin 3-dək bütün idman tədbirləri azarkeşsiz keçiriləcək. AVRO-2020-yə iyunun 12-də Romadakı "Olimpiko" stadionunda start veriləcək.