AFFA-nın dəvəti ilə Bakıda azərbaycanlı hakimlərə seminar keçən UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, B.Kuypers AFFA-nın rəhbərliyinə və Hakimlər Komitəsinin sədri Frenk de Blekerə dəvətə görə təşəkkürünü çatdırıb: "Tədbirin təşkilinə və dəvətə görə minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, 3 beynəlxalq həkimlərimizi artıq tanıyırdım".
Niderlandlı mütəxəssis azərbaycanlı beynəlxalq referilərin sayının yox, keyfiyyətinin yüksək olmasının vacibliyini vurğulayıb:
"Hazırda azərbaycanlı hakimlərin səviyyəsi yüksəkdir. Onların bu illərdə nail olduqlarından qürur duymaq lazımdır. 1-ci kateqoriyada 2 hakiminiz var, digəri isə gəncdir. Çox çalışmaq vacibdir. 4-cü hakimi cəlb etmək üçün namizəd varsa, UEFA-ya məktub yazıb, müraciət etməlisiniz".
Dünya, Avropa çempionatlarında, həmçinn Çempionlar Liqası, Avropa Liqasında həlledici matçlara təyinat almış B.Kuypers azərbaycanlı hakimlərin finalları idarə etməsi üçün lazım olan şərtləri açıqlayıb:
"Yüksək səviyyəli beynəlxalq turnirlərə təyinat almaq üçün azərbaycanlı hakimlər oyunlarda iştirak etməlidir. Əliyar Ağayev 4 ÇL oyununu idarə edib. Növbəti referi Elçindir ki, UEFA elit kateqoriyası var. Bu özü də bir nailiyyətdir. Siz bu işdə əzmkarlıqla çıxış etməlisiniz, səviyyənizi artırmalısınız. Uğur təsadüfi deyil, öyrənmək və çalışmaqdan irəli gəlir. Yaxşı performans göstərsələr, yüksək səviyyəli beynəlxalq turnirlərə təyinat almaq şansları da çox olar".