Azərbaycanda futbol həsrəti bu gün “Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki oyunu ilə başa çatacaq.

Şimali Makedoniya təmsilçisi “Sileks”i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək Azərbaycan çempionu cütün aşkar favoritidir.

Doğrudur, rəqibdən fərqli olaraq 5 aydan çoxdur heç bir rəsmi matçda iştirak etməyən Qurban Qurbanovun yetirmələrinin oyun praktikasından əziyyət çəkməsi ciddi narahatlıq doğurur. Üstəlik, qarşılaşmada azarkeş dəstəyi olmayacaq və oyun ot örtüyü bərbad durumda olan arenada baş tutacaq.

Bütün bunlara baxmayaraq, iki komanda arasında həm heyət, həm də təcrübə baxımından yerlə göy qədər fərq var. “Qarabağ”ın axşamkı görüş üçün təxmini “11-liy”ini proqnozlaşdırmaq olar.

İxtiyarında milli komandanın iki qapıçısı olan baş məşqçi çərçivədə çox güman ki, köhnə-yeni transfer Emil Balayevə etibar edəcək. Müdafiənin mərkəzində Bədavi Hüseynova kollektivə yeni cəlb edilən Kevin Medinanın tərəfdaşlıq edəcəyini düşünmək olar. Kapitan Maksim Medvedev və “Qarabağ”a qayıdan digər oyunçu Vild-Donald Gerye müvafiq olaraq sağ və sol cinahlarda yer alacaqlar.

Qara Qarayevin ötən mövsüm “Düdelanj”la oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi yarımmüdafiə xəttindəki düzülüşə ciddi təsir göstərəcək. Yeni transfer Uroş Matiçi həmin mövqedə oynadacaq Qurban Qurbanov xorvatiyalı Filip Ozobiçi də ilk dəqiqələrdən meydana buraxacaq. Ancaq orta sahədə 3-cü futbolçunun kimliyi qeyri-müəyyəndir. Bu, İsmayıl İbrahimli və ya Xayme Romero ola bilər. Məhz buradakı seçim hücum “trio”suna da təsir edəcək.

Gənc İsmayıl start heyətində şans əldə etsə, Xayme matça öz mövqeyində - sağ cinahda başlayacaq. Baş məşqçi hücumameyilli heyətə üstünlük vermək fikrinə düşsə, Xaymeyə pleymeyker kimi güvənəcək. Bu halda hücumun sağında Ovusu Kvabena yer alacaq. İstənilən halda, Abdullah Zubir sol, Mahir Emreli isə mərkəz hücumçusu kimi rəqib qapısına yol tapmağa çalışacaq.

“Qarabağ”ın yarımmüdafiə və hücum xəttində alternativlərinin az olması komandanı çətin vəziyyətə sala bilər. Çünki hazırkı durumda sonradan meydana daxil olub oyunun axarını dəyişəcək səviyyədə futbolçu, demək olar ki, yoxdur.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu 20:00-da başlayacaq.  ("Apasport")