UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" sabah "Ferentsvaroş"la cavab oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirib.
"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq. Ferentsvaroş" III təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur. Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".
Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmaması barədə bu sözləri deyib: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".