"Qarabağ" klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.
Sözügedən ölkənin eyniadlı şəhərində keçiriləcək qarşılaşmada təmsilçimiz dəstəksiz qalmayacaq. Belə ki, həm İsveçrədə, həm də Avropanın digər ölkələrində yaşayan soydaşlarımız "atlılar"ı matçın keçiriləcəyi stadionda - "Letsinqrund"da dəstəkləyəcəklər. Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə verib. Onun sözlərinə görə, həmyerlilərimiz üçün bilet satışı sabah həyata keçiriləcək:
"Tək İsveçrədə yox, Avropanın digər şəhərlərində yaşayan soydaşlarımız da komandamıza stadionda dəstək olacaqlar. Onlar üçün bilet satışını sabah təşkil edəcəyik. Həmyerlilərimiz stadionun giriş qapısında qonaqlar üçün ayrılan sektorda əyləşəcəklər. Bir biletin qiyməti isə 25 frankdır. Lakin oyuna gələcək azərbaycanlıların sayı barədə hələlik məlumat verə bilmərəm. Çünki bu, sabahkı bilet satışından sonra məlum olacaq".
Xatırladaq ki, 27 iyulda keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında Bakıdakı ilk matç Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Daşqın Əziz