“Sileks” klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyun barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mətbuat konfransına qatılan mütəxəssis ilk olaraq matç barədə danışıb, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

“Pis oynadığımızı düşünmürəm. Cəsarətli, ağıllı oynamağa çalışdıq. 2-3 şansımız oldu. “Qarabağ” elə komandadır ki, bir balaca boş sahə versən, asanlıqla istifadə edir. Məmnun olmadığım məqam hesabın böyük olmasıdır. Hakimlikdən də narazı qaldığımızı deməliyəm. “Qarabağ”ı qrup mərhələsində görmək istərdim”.

- Hakimlikdən narazılığınız nədən irəli gəldi?

- Narazılığım ikinci qolla bağlı idi. Epizod gözümün qarşısında oldu. Oyunçu yerdə olsa da, top əlinə dəydi. Həmçinin qapıçımız da cərimə meydanına ötürmə zamanı qaydanın pozulduğunu dedi.

- Dünən bildirdiniz ki, 40 il siçan kimi yaşamaqdansa, bir gün aslan kimi yaşayaq. Bu gün meydanda şirləri gördünüz?

- Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Bəzi anlarda rəqibə cərimə meydanına girmək imkanı vermədik. “Qarabağ” böyük klubdur, biz isə balaca komandayıq. Bu oyunu cəsarət və irəli atılmış addım kimi sayıram.

- Meydanda öncədən gözlədiyiniz “Qarabağ”ı gördünüz?

- İzlədiyim oyunlarla müqayisədə əvvəlki “Qarabağ”ı görmədim. Xüsusən də, Abdullah Zubir olduqca texnikalı futbolçudur. Ancaq bu gün həmin oyununu göstərmədi.