Türkiyədə aparılan “futbolda mərc” istintaqı çərçivəsində 11 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda aralarında keçmiş “Qalatasaray” Sportif A.Ş.-nin başkan vəkili Erden Timur, "Eyüpspor"un vitse-prezidenti Fatih Kulaksız və TFF-in Xarici əlaqələr və Millİ komandalar üzrə İdarə direktoru Buğra Cem İmamoğullarının da olduğu 29 nəfər saxlanılıb.

Offsideplus.az xəbər verir ki, Polis idarəsindəki prosedurlar tamamlandıqdan sonra şübhəlilər əvvəlcə tibbi müayinədən keçirilib, daha sonra isə Çağlayan’dakı İstanbul Ədliyyəsinə gətirilib. Burada 22 nəfər haqqında həbs tələbi ilə, 3 nəfər barəsində isə məhkəməyə nəzarət (adli kontrol) tələbi ilə Sülh Cinayət Hakimliyinə müraciət olunub. 4 şübhəli isə polis idarəsindəki prosedurlardan sonra azad buraxılıb.

Prokurorluğun Erden Timurla bağlı hazırladığı yazısında qeyd olunur ki, onun ortağı olduğu “Timur Gayrimenkul Geliştirme Yapı ve Yatırım A.Ş.” tərəfindən 2024–2025-ci illərdə bir kripto platformasına 144 milyon 217 min lirə köçürülüb, bu vəsait kripto aktivlərə çevrilib və onun təxminən 1 milyon dollarlıq hissəsinin Akın Topalın xaricdəki hesablarına göndərildiyi müəyyənləşdirilib.

Məhkəmənin qərarına əsasən, Erden Timur və Fatih Kulaksız da daxil olmaqla 19 nəfər həbs edilərək cəzaevinə göndərilib. 6 şübhəli barəsində məhkəmə nəzarəti tətbiq olunub, 4 nəfər isə sərbəst buraxılıb.

İstintaq davam edir.