“Fənərbağça”nın gənc ulduzu Yusuf Akçiçək Avropanın nəhəng klublarının transfer siyahısına daxil olaraq diqqət mərkəzinə çevrilib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı müdafiəçiyə maraq göstərən son klub İngiltərənin Premyer Liqa təmsilçisi “Tottenhem” olub. London klubunun nümayəndələri artıq “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo ilə əlaqə saxlayaraq Yusuf haqqında məlumat alıblar. “Tottenhem”in skautları tərəfindən yaxından izlənilən Yusuf üçün verilən hesabatın müsbət olduğu, mövsüm sonunda transferin gündəmə gələcəyi qeyd edilir.
Yusuf Akçiçək daha əvvəl də “Tottenhem”in maraq dairəsində olub. İndiki mərhələdə isə bu marağın real transfer addımına çevriləcəyi gözlənilir. Mourinyonun “prensi” adlandırdığı Yusuf qısa müddətdə əsas heyətdə yer alaraq böyük bir yüksəliş göstərib. Onun A milli komandaya dəvət alması da yüksəlişini təsdiqləyib.
Yalnız “Tottenhem” deyil, “Lill”, “Marsel”, “Mançester Yunayted” və “Bavariya” kimi nəhəng klublar da ona yaxından maraq göstərirlər.
Qeyd edək ki, bu mövsüm “Fənərbağça” forması ilə 18 oyuna çıxan Yusuf 880 dəqiqə meydanda olub. 1.93 metr boya malik mərkəz müdafiəçi bu müddətdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt”a görə gənc oyunçunun hazırkı bazar dəyəri 5.5 milyon avrodur və onun “Fənərbağça” ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.



