Tarix yazıla bilərdi. İlk dəfə 3 Azərbaycan klubunun avrokubokların pley-offunda iştirak etmək şansı var idi. "Sabah" da "Zirə" kimi turu adlamağı bacarsaydı, tarix yazılacaqdı. Sonuncu dəfə 2016/17 mövsümündə "Qarabağ" "Qəbələ" ilə birlikdə qruplara vəsiqə qazanmaq üçün çiyin-çiyinə mübarizə aparırdısa, illər sonra bu yolda "köhlən atlar"a "qartallar" yoldaşlıq edəcək. Könül "Sabah"ın da onlara yol yoldaşı olmasını istərdi. Təəssüf ki, gənc komandanın bundan artığına gücü çatmadı. "Makkabi" (Hayfa) kimi zəngin avrokubok təcrübəsi olan klubu mübarizədən kənarlaşdırdıqdan sonra hər kəs "Sabah"ın "Sent-Patriks"i rahatlıqla keçəcəyini düşünürdü. Hətta səfərdə məğlub olmasına baxmayaraq "bayquşlar"a ümidlər böyük idi.
Bəs, Masazır təmsilçisinə mərhələni keçməyə nə mane oldu?
"Makkabi" ilə cavab oyunundan sonra müdafiə xəttində problemlərin olduğu sezilməyə başladı. Səfərdə üç cavabsız qol vurub, evdə 6 top buraxmaq arxa cəbhədə vəziyyətin sağlam olmadığından xəbər verirdi. Premyer Liqada "Şamaxı" ilə qarşılaşma bir növ həyəcan siqnalı idi. İrlandiyalılara birinci məğlubiyyətə qırmızı vərəqə əsas gətirilsə də, "Zirə" ilə matç müdafiədəki problemləri gün işığına çıxardı. İlk görüşdə meydanda azlıqda qalıb, hesabda geri düşüb, məğlub olursan və eyni ssenari cavab oyununda da baş verirsə, bu səhvlərdən düzgün nəticənin çıxarılmadığının göstəricisidir. Xorvat məşqçi komandanın sükanı arxasına keçdikdən sonra yaxşı işlər gördü. Komandanı üçüncü edərək Konfrans Liqasına çıxarmağı bacardı. İsrailin ən titullu təmsilçisini avrokubokdan kənarda qoyaraq möcüzəyə bərabər qələbə qazandı. Amma bu oyundakı məğlubiyyət özünün də təsdiqlədiyi kimi onun səhvi idi.
Artıq "Sabah"ın Avropa macərası sona yetdiyinə görə daxili çempionata köklənə bilər. Masazır təmsilçisi 7 illik klubdur. Düzdür, onlara ümid böyükdür. Hamı "Sabah"dan yaxşı işlər gözləyir. Heyf ki, bu dəfə alınmadı. Pley-offa yüksəlmək şansını əldən verdilər. Amma "Sabah" Azərbaycan futboluna rəng qatır. Bu, futboldur. Hər şey ola bilər. Belə səhvlər edən o qədər komandalarımız olub ki. Əsas odur ki, səhvlərdən dərs çıxardılırsın. "Sabah" Azərbaycan futbolunun gələcəyidir. Olan oldu və keçmişdə qaldı. İndi "Sabah"ı düşünmək lazımdır...
Murad Abdullazadə