Uilyam Şekspirin maraqlı fikri var:
"Ağıl olmasaydı, hisslərimiz bizi məhv edərdi. Məhz dərrakə duyğularımızı cilovlamaq üçün mövcuddur".
Dünən Avropa Liqasının əsas mərhələsinin 3-cü turunun "Qarabağ" - "Ayaks" matçında hisslərimiz ağlımıza qarşı çıxdı. Açığı, buna görə sadə futbol azarkeşlərini qınamaq olmaz. Çünki Ağdam təmsilçisi primitiv səhvlər etdi. Hakimin də Niderland təmsilçisinə simpatiyası hisslərimizi cilovlamağa imkan vermədi. Nikolas Uolşın bəzi qərarları bizi özümüzdən çıxartdı. Düzdür, Julio Romaoya haqlı olaraq qırmızı verildi. Braziliyalı rəqibini güləş fəndi ilə yerə sərdi. Özü də meydanın mərkəzində. Təkbətəkə gedən rəqibə qarşı belə hərəkət etməzlər. Elvin Cəfərquliyevin qırmızı vərəqə almasında hansısa problem yox idi. İkinci epizodda rəqibin ayağına basmışdı. Amma ilk sarı vərəqəni verməmək də olar. Amma hər iki halda hakim qaydalara riayət etdi. Amma hakimin şübhəli qərarları da oldu. Məsələn, "Ayaks"ın ilk qolu zamanı Veqorstun əlini Yankoviçin çiynində nə gəzirdi? Burada qayda pozuntusu yox idi? Futbolçunun yerdə qıvrılmasına hakimin reaksiya belə verməməyi qəribə idi.
Matçın 52-ci dəqiqəsində Devayn Renç cərimə meydanında Olavio Juninyoya qarşı kobudluq etsə də, hakim oyunu davam etdirdi. Penalti təyin etmədi. Lakin 20 dəqiqə sonra Kevin Medinanın Kristian Rasmussen qarşı etdiyi hərəkətə görə 11 metriklik nöqtəni göstərmək bir az qəribə idi. Hər nəysə! Bir sözlə, dünən şotlandiyalının etdiyi hərəkətlərə görə, hisslərimiz ağlımızı üstələdi. Amma...
"Ayaks"a uduzmağa görə, Qurban Qurbanovu istefaya səsləmək heç bir məntiqə sığmır. Bunu istəyən şəxslərin futbol savadı yoxdur. Bəli, Qurban Qurbanov toxunulmaz deyil. Amma adamın Azərbaycanda qazanmadığı uğur yoxdur. Ölkə futbolunun ümumi durumu "Qarabağ"ın avrokuboklarda daha da irəliləməsinə mane olur. Futbol sahəsində Azərbaycanla Niderland arasında böyük səviyyə fərqi var. "Ayaks"ın 1 futbolçusunun dəyəri Ağdam təmsilçisinin 1 mövsümlük büdcəsindən çoxdur. Niderland təmsilçisinin akademiyası təkcə öz ölkəsi yox, bütün Avropa üçün futbolçu yetişdirir. Bu dövlətin milli komandasının uğurlarını saymaqla bitməz. Bizim yığmanın nə gündə olduğunu hamımız bilirik. Bunları nəzərə aldıqdan sonra da Qurban Qurbanovu istefaya səsləmək qəbahətdir, günahdır. Adamı futboldan iyrəndirməyin. Qoyun, sakitcə öz işini görsün. Siz də öz "ağlınızla" anlayışınız olan sahə ilə məşğul olun!