Bir çoxları üçün Mahir Emreli ölkənin ən istedadlı futbolçusudur.
Bəziləri isə onu sevmirlər. Eqoist və özündən razı adlandıranlar var. Hətta futbolçu kimi ancaq reklamı var deyənlər də az deyil.
Bütün bunlara baxmayaraq, Mahir bu ölkədə sevilir. Bundesliqa 2-nin son turunda "Qroyter"ə vurduğu qoldan sonra futbolçu ictimaiyyətində toy-bayram oldu. Saytları, portalları, sosial şəbəkələri Mahirin "Nürnberq"in heyətində ilk dəfə fərqləndiyi epizod bəzədi. Millimizin üzvünün qolu bizim saytımızda 5600 dəfə izlənilib. Bir sözlə, Mahir Emreli bu ölkənin futbolu və mediası üçün önəmli şəxsdir.
Qolun videosunu izləyəndə bir məqam diqqətimi çəkdi. Mahir fərqləndikdən sonra dərhal almaniyalı futbol əfsanəsi Miroslav Klozeyə doğru qaçdı. Onu qucaqladı. Sevincini bölüşdü. Mən Qurban Qurbanovdan sonra Mahirin hansısa məşqçi ilə belə mehriban davrandığını görməmişdim. Futbolçumuz "Legiya"da qollar vurdu, "Dinamo"da fərqləndi, "Konyaspor"da "Beşiktaş"ı məyus etdi. Amma heç birində məşqçini qucaqlamadı. Demək ki, Qurban Qurbanovdan sonra Kloze Mahirin inkişafı üçün əlindən gələni edir. Demək ki, futbolçumuz almaniyalıdan nələrsə öyrənəcək. Təki belə olsun.
Yenə deyirəm, Mahir həm Azərbaycan futbolu, həm də mediamız üçün vacib oyunçudur. Ümid edək ki, Qurban Qurbanovdan sonra Kloze onun istedadının zirvəyə çatmasına kömək ola biləcək...