Uzun illərdir ki, Premyer Liqada var-gəl edən bir klub var.
Bakının Səbail rayonunu təmsil edən eyni adlı komandada inkişafa dair işartı yoxdur. Keçən il milyonlar xərclənən kollektiv ümidləri doğrultmadı. “Dənizçilər”in qarşısına avrokuboklara vəsiqə qazanmaq öhdəliyi qoyulmuşdu. Şahin Diniyevin komandası bunu bacarmadı. Bu səbəbdən də sponsor maliyyəni azaltdı. Bu mövsüm komanda yenidən formalaşdı. Amma nəticələr yenə qənaətbəxş deyil.
Cari “futbol ili”ndə Bakı təmsilçisi 10 oyuna 7 xal toplayıb. Cəmi 2 qələbəsi olan komanda 1 matçda heç-heçə edib. Baxaq, görək ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv hansı rəqibləri məğlub edib?
“Səbail” 4-cü turda sponsoru, stadionu olmayan “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib. Bundan sonra ardıcıl 4 matçda uduzan bakılılar 9-cu həftə Premyer Liqaya yenidən qayıdan “Şamaxı” üzərində qələbəyə seviniblər – 2:0. Yeganə heç-heçə isə 2-ci turda Qriqorçukun dövründə biabırçı nəticələr əldə edən “Neftçi” ilə matçda təsadüf edib – 1:1. Nəticələrdən belə başa düşülür ki, “Səbail” bu mövsüm Premyer Liqada qalmağa oynayacaq. Açığı, çempionatı tərk etməyə əsas namizədim də “dənizçilər”dir? Niyə?
Gəlin, bir qədər düşünək! “Səbail” nə üçün lazımdır? Komandanın normal azarkeş kütləsi yoxdur. Akademiyası fəaliyyət göstərir, amma ölkə futboluna fayda verən bir futbolçu yetişdirməyib. Bəs, bu klub nə üçün lazımdır? Düzdür, digər kollektivlərdə şans tapmayan bəzi yerli oyunçular bu komandanın heyətində çıxış edirlər. Lakin onlar üçün oynadıqları klubun adının “Səbail” olmasının o qədər də önəmi yoxdur. Düşünmürəm ki, Hüseynəli Quliyev, Fərid Nəbiyev, Yusif Nəbiyev, Rüfət Abdullazadə, Cabir Əmirli, Vüsal Məsimov, Süleyman Əhmədov, Samir Abdullayev, Nihad Quliyev və başqa yerlilər Bakı klubuna cani-könüldən bağlı olalar. Yəni, “dənizçilər” Premyer Liqada olmasa, həmin futbolçuları digər klublar heyətinə cəlb edəcəklər. Yəni ki, “Səbail” olmasa da, olar.
Bilirik ki, dövlət hər mövsüm Premyer Liqada çıxış edən bütün klublara 3 milyon manat vəsait ayırır. Dövlət bu pulu klublara verir ki, ölkədə futbol inkişaf etsin. Ciddi soruşuram, “Səbail”də inkişafa aid nəsə hiss edirsiniz?
Son 2 mövsümdür ki, çempionatda rəqabət hiss olunur. Çünki Premyer Liqanı tərk edən komanda var. 2022/23 mövsümündə “Şamaxı” ancaq yerli futbolçularla iştirak etsə də, sona qədər “Səbail”lə mübarizə apardı. Lakin son matçda uduzaraq elitanı tərk etdi. Amma “şirlər”in heç olmasa, ölkə futboluna faydası oldu. Bəzi yerli oyunçular özlərini bu komandanın heyətində göstərdilər. Fuad Bayramovu “Zirə”, Rəhman Daşdəmirovu isə “Sabah” transfer etdi. Keçən mövsüm Premyer Liqanı “Qəbələ” tərk etdi. Bölgə təmsilçisinin akademiyası haqda danışmağa gərək yoxdur. Transfer siyasətində də qəbələlilər normal işlər görüblər. “Qəbələ”nin ortalığa çıxartdığı nə qədər futbolçu indi Premyer Liqanın bir çox klubunun üzvüdür.
Düşünürəm ki, bu mövsüm 3 klub Premyer Liqada qalmaq uğrunda mübazirə aparacaq: “Kəpəz”, “Sumqayıt” və “Səbail”. Yenə deyirəm, mən sonuncu komandanın düşməsini istəyirəm. “Kəpəz”in sponsoru, stadionu olmasa da, azarkeş kütləsi var. Gəncəlilər son 2 mövsümdə Premyer Liqada qalmağa oynasalar da, ortalığa futbolçular çıxardıblar. Elə bu gün “Səbail”də çıxış edən Yusif və Fərid Nəbiyevlər “sarı-göylər”də özlərini doğrultdular. Junior Martins, Georgi Papunaşvili, Elçin Əlicanov kimi oyunçular keçən il “Kəpəz”in uğurları üçün tər tökürdülər. “Sumqayıt”ın belə ölkə futbolu üçün faydası var. Akademiyasında yetişən gənc futbolçular əsas komandada çıxış edirlər. Ötən mövsüm “kimyaçılar” çox az büdcə ilə Konfrans Liqasına vəsiqə qazandılar. “Gənclik şəhəri” təmsilçisinin ev oyunlarına azı 2-3 min azarkeş gəlir.
Bəs, “Səbail”in əldə tutulacaq nəyi var? Kimə lazımdır bu klub?