"Liverpul"un son günlərdə gündəmdə olan Məhəmməd Salah – Arne Slot gərginliyinə Fransanın əfsanəvi hücumçusu Tyeri Anri münasibət bildirib və ulduz futbolçunu açıq şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Anri şəxsi karyerasından misal gətirərək belə deyib:
"Vengerlə də, Quardiola ilə də problemlərim olub… Amma heç vaxt bunu publikaya çıxarmadım. Heç vaxt! Mən klubun nüfuzunu qoruyurdum.”
O, futbolçunun daxili narazılıqlarını ictimailəşdirməsinin klub üçün zərərli olduğunu vurğulayıb:
“Bir klubda oynayırsansa, onu hər nə bahasına olursa olsun qorumalısan. Daxildə nə baş verirsə versin, klubunu — komanda yoldaşlarını, məşqçini, heyəti — müdafiə edirsən.”
Anrinin fikrincə, emosional vəziyyətlərdə belə səbr göstərmək vacibdir:
“Hirsli ola bilərsən, məyus ola bilərsən, razılaşmaya bilərsən… amma çətin dönəmlərdə daxili problemləri çölə çıxarmaq olmaz.”
Əfsanə futbolçu çıxış yolunun klub daxilində həll edilməli olduğunu bildirib:
“Gözləyirsən, məsələləri klub daxilində yoluna qoyursan. Sonra, əgər getmək və ya danışmaq istəyirsənsə, doğru zamanda edərsən.”
O, Salahın vəziyyətini anladığını desə də, ulduz hücumçunu komandanı hər şeydən üstün tutmağa çağırıb:
“Onun eqosunu və məyusluğunu başa düşürəm… 38 qol vurursan və sonra ehtiyatda qalırsan — ağır vəziyyətdir. Amma bir məqam var ki, orada komandanı özündən üstün tutmalısan.”



