"Mənim ən çox xoşuma gələn odur ki, Xusanov paltardəyişmə otağında hamının sevimlisinə çevrilib. O, bugünkü oyuna heç diş fırçası və digər əşyaların yığıldığı çanta da götürməmişdi. Sadəcə, meydançaya çıxıb, işini gördü".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni transfer Abdukodir Xusanov haqqında deyib.

Təcrübəli çalışdırıcı özbək müdafiəçinin futbolçu keyfiyyətlərini də tərifləyib: "Xusanov çox danışmır, ancaq gülümsəyir. Bununla belə, o, çox etibarlı futbolçudur. Sürətli, çevik, əla ötürmə bacarığı var. Təbii ki, bəzi çatışmazlıqlar da mövcuddur. Lakin onun cəmi 20 yaşı var. O, öz üzərində çox çalışır, şikayətlənmir. İnsanlar onu dəstəkləyirlər. İnanıram ki, Xusanov "Mançester Siti" fanatlarının da sevimlisi olacaq".

Xatırladaq ki, Xusanov bu il yanvarın 20-də Fransanın "Lans" klubundan 40 milyon avro müqabilində "Mançester Siti"yə keçib. Gənc müdafiəçi qısa müddət ərzində 5 matçda forma geyinib.