Sona qədər mübarizə aparmaq...

"Qarabağ" üçün daha bir avrokubok mövsümü başa çatdı. Ardıcıl 12 mövsüm UEFA turnirlərinin əsas mərhələsində mübarizə aparan bir Azərbaycan klubu var. Son illər başından daha da yuxarı tullanmağa başlayıb. Avropa Liqasında 1/8 finala yüksəlmək, "Bayer"lə sona qədər mübarizə aparmaq, Çempionlar Liqasında ən yaxşı 24-dən biri olmaq kimi. Artıq bu komandanın edə biləcəklərinin sərhədini təxmin etmək çox çətindir.

Oyunlardan qabaq danışanda da çətinlik çəkirik. Rəqib "Ayaks"dır, uda bilərik, "Çelsi"dir, oynamaq olar.

Bəzən dediyimizin nə dərəcədə real olduğunu özümüz də başa düşmürük.

Amma "Qarabağ" bunu bizə etdirir. Uğurları ilə artıq məcbur formada bunu bizə diqtə elətdirir.

"Qarabağ"ın cari mövsüm xal aldığı komandalara nəzər yetirək:

"Ayntraxt" - Almaniyanın futbolçu fabriki, son illərin ən iddialı komandalarından biri və 2022-ci ildə Avropa Liqasının çempionu.

"Benfika" - Çempionlar Liqasının 2 qat qalibi, Avropa futbolunun ən köklü klublarından biri. Onlar haqqında artıq danışmağa ehtiyac yoxdur.

"Çelsi" - Avropanın son 20 ildə top 10 klubundan biri, bəlkə də top 5.

Dünən kimsə yazmışdı. Azərbaycan futbolu birdə belə uğur görə bilməyəcək.

Mən bununla razı deyiləm. Bu ən azından Qurban Qurbanov və komandasında haqsızlıqdır. Onlar dəfələrlə bizə başlarından yuxarı tullanmağı bacardıqlarını göstəriblər.

Qurban Qurbanovun komandası həmişə sona qədər mübarizə aparmağı bacarıb.