Dünən "Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırdığını rəsmi olaraq açıqladı.
Bu xəbərdən yarım saat sonra məlum oldu ki, 29 yaşlı futbolçu “Zirə” ilə müqavilə bağlayıb.
“Sabah”ın fevralın 8-də “Araz-Naxçıvan”a qarşı keçirdiyi matçda Nuriyevin adının iştirak ərizəsində olması isə müəyyən suallar yaratdı.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə müqaviləyə fevralın 9-da xitam verilsə də, “bayquşlar” futbolçunun öz xahişi ilə rəsmi açıqlamanı ləngidib. Belə ki, yarımmüdafiəçi “Zirə”yə keçidlə bağlı bütün məsələlər həll olduqdan sonra bu haqda ictimiyyətə məlumat verilməsini istəyib.
Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib: “Futbolçu ilə “Sabah” klubu arasında müqaviləyə 9 fevral 2026-cı il tarixində qarşılıqlı razılıqla xitam verilib. Bundan sonra həmin tarixdə “Zirə” ilə futbolçu arasında müqavilə bağlanılıb. Əsasnamənin 17-ci bəndinə əsasən qeydiyyat dövrü 10 fevral 2026-cı il saat 23:59-da bitir. Bundan başqa 31 mart 2026-cı il tarixi azad agent statusuna malik peşəkar oyunçular üçün son tarix müəyyən edilib. Bu halda oyunçunun “Zirə” ilə müqavilə bağlaması Əsasnaməyə uyğundur”.
Qeyd edək ki, Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Misli Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.


