Azərbaycan şahmat ölkəsidir.
Bəs bu gün ölkəmizdə şahmat ənənələri necə qorunur? Nəticələr nə deyir?
Kişilərdən ibarət milli komandamız 2026-cı ilə dünya reytinq siyahısında 7-ci, qadınlardan ibarət yığma isə 11-ci yerdə start verib. Üstəlik, ötən il hər iki komanda tarixi uğura imza atıb.
Belə ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Qadın şahmatçılardan ibarət milli komandamız isə İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci yeri tutub. Onu da qeyd edək ki, indiyə kimi nə kişi, nə də qadın şahmat komandalarımız dünya çempionatlarında medal qazana bilməmişdi.
Bununla yanaşı, təmsilçilərimiz bir sıra yarışlarda uğursuz çıxışla da yadda qaldılar. Məsələn, qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda keçirilən Avropa çempionatında 10-cu yeri tutdu. İlin sonunda Qətərin paytaxtı Doha şəhərində keçirilən dünya çempionatında Azərbaycan ümumilikdə 17 şahmatçı ilə təmsil olunsa da, onlardan heç biri ilk onluğa düşə bilmədi.
Fərdi nəticələrə gəlincə, FIDE-nin hazırkı reytinq cədvəlindəki ilk 50-likdə cəmi iki şahmatçımız var. Siyahıda Şəhriyar Məmmədyarov 19-cu, Teymur Rəcəbov isə 35-ci pillədə qərarlaşıb. Dünyanın ən yaxşı əlli qadın şahmatçısı arasında yer alan yeganə azərbaycanlı isə Ülviyyə Fətəliyevadır - 27-ci yer.
Yekun nəticələrə nəzər saldıqda belə bir sual ortaya çıxır: Bu gün niyə yeni Teymurlar, Şəhriyarlar yetişmir?
Bu suala cavab olaraq bir sıra səbəbləri qeyd etmək olar. İlk növbədə, hazırda ölkədə şahmat məşqçiləri ilə bağlı ciddi mütəxəssis çatışmazlığı mövcuddur. Daha doğrusu, bu sahənin biliciləri arasında xaricə üz tutanların sayı gündən-günə artır. Problemin kökündə isə məşqçilərin ölkədəki şahmat sistemində perspektiv görməməsi dayanır. Xüsusilə bölgələrdə vəziyyət daha acınacaqlıdır — ciddi məşqçi qıtlığı var.
Üstəlik, son zamanlar regionlarda fəaliyyət göstərən şahmat məktəblərinin birləşdirilməsinə başlanılıb. Sözügedən “təşəbbüs” ölkəmizdə şahmatın kütləviliyinə vurulan böyük zərbədir. Məhz bunun nəticəsidir ki, son illərdə uğurlu nəticələrə imza atan şahmatçıların əksəriyyəti ya Bakıdan çıxır, ya da böyük şəhərlərimizdən.
Məlumdur ki, şahmat ucuz idman növü deyil. Bu sahədə uğur qazanmaq üçün uzun illər məşq etmək, mütəmadi olaraq yarışlarda iştirak etmək tələb olunur. Təkcə turnirlərdə iştirak haqlarına nəzər salmaq kifayətdir ki, şahmatın ciddi maliyyə vəsaiti tələb etdiyini anlayasan.
Övladının gələcəyini bu idman növündə görən valideynlər kifayət qədər xərcə düşməli olurlar. Bu fikri isə havadan yox, ölkədə tanınmış şahmatçıların məşq qiymətlərinə əsaslanaraq deyirəm. Onu da qeyd etmək lazımdır ki, hazırda aktiv şəkildə yarışlarda iştirak edən şahmatçının eyni zamanda tələbə yetişdirməsi də məntiqli görünmür. Aydındır ki, bunu əksər hallarda vaxt çoxluğundan yox, maddi ehtiyac ucbatından edirlər. Bu isə öz növbəsində idmançının fərdi nəticələrinə mənfi təsir göstərir.
Bütün bunlar şahmatımızda uzun illərdir aktuallığını qoruyan sponsor problemini yenidən gündəmə gətirir. İlk baxışdan bu, özəl sektorla bağlı məsələ kimi görünsə də, əslində şahmatın idarəetməsindəki çatışmazlıqları da üzə çıxarır. Normal, işlək sistem qurulana qədər şahmatçılara dəstək göstərilməli, sponsorların bu sahəyə cəlb olunması istiqamətində real addımlar atılmalıdır. Bu məsuliyyəti yalnız idmançının üzərinə yükləmək ədalətli yanaşma deyil. Ən azı, belə mexanizmlərin formalaşdırılmasında Şahmat Federasiyasının iştirakı mütləq olmalıdır.
Bütün çatışmazlıqlara baxmayaraq, Azərbaycan şahmatında vaxtaşırı yeni ümid işartıları da görünür.
Orta nəsil haqqında az-çox məlumatlıyıq. Son dövrlərdə isə yeniyetmələr arasında parlayan adlara Xaqan Əhməd, Mehriban Əhmədli və Məryəm Ağaverdiyevanı misal göstərmək olar. Hər üç şahmatçı həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edirlər. Xüsusilə Xaqan Əhməd ard-arda qazandığı nailiyyətlərlə diqqət mərkəzindədir. Yeniyetmə idmançımız ötən il Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Bundan əlavə, dünya reytinqində ikinci pillədə qərarlaşan Hikaru Nakamuranı məğlub etməsi zəka sahibinin nə qədər böyük potensiala malik olduğunu göstərir.
Xaqanın bu uğurların davamını gətirib-gətirməyəcəyini zaman göstərəcək. Ancaq dəqiq olan bir məqam var: bu gün Azərbaycan şahmatına beş turnirdən birində qalib gələn ortabab şahmatçılardan çox, Şəhriyarlar, Teymurlar lazımdır.


