Azərbaycanın qadın karateçisi (+61 kq) İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanması haqda təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, final görüşündə misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzan Zaretska təəssüf hissi keçirdiyini dilə gətirib: "Sözün əsl mənasında mənə 1 saniyə yetmədi. İndi anlayıram ki, bu, necə vacib idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Mənə yazırdılar. Dəstəyiniz üçün çox sağ olun və bağışlayın”.

İdmançı ölkə başçısına üzrxahlıq edib: "Cənab Prezidentdən üzr istəyirəm. Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı".

Qeyd edək ki, Azərbaycan idmançıları Tokio 2020-də çıxışlarını başa vurub. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız yarışları 3 gümüş, 4 bürünc medalla başa vurub.