Dünən Misli Premyer Liqasının XXI turunda “Qəbələ” “Zirə” ilə heç-heçə edib – 1:1.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın forvardı Ülvi İsgəndərov jurnalistlərin suallarını cavablandırıb.
Həmin müsahibəni diqqətinizə çatdırırıq...


- “Zirə”nin qapıçılarının qəniminə çevrilmisən. Nə məsələdir?
- (gülür) Nə bilim. Qismətdir də.

 

- Xüsusi hazırlaşırsan bu oyunlara?
- Məşqlərdə özüm üçün hazırlaşıram. Şansımı sınayıram. Oyun bizim üçün ağır oldu. Əvvəlcədən çətin olacağını bilirdik. “Zirə” yaxşı komandadır.

 

- “Zirə”yə qarşı oyunlarda xüsusi aqressiya hiss olunur...

- Belə bir şey yoxdur. Sadəcə, indiki durumumuz bunu tələb edir ki, bütün komandalara qarşı aqressiv oynayaq. Bizə xallar qazanmaq lazımdır.

 

- Qarşılaşmadan öncə rəqibin zəif nöqtələrini təhlil etmişdiniz?
- Əlbəttə! Rəqibdən asılı olmayaq bütün oyunlara ciddi hazırlaşırıq. Bütün komandaları ciddi şəkildə təhlil edirik.

 

- Səncə, “Ayın qolu”nun qalibi ola biləcəksən?
- Ay təzə başlayır. Hələ heç nə demək olmaz.

 

- Səncə, bundan yaxşı qol vurulacaq?
- İnşallah! Bilmirəm. Vallah, nə deyim?

 

- Səncə, “Neftçi”yə də belə qol vura bilərsən?

- Əlbəttə ki, vura bilərəm. Qapıçı öndə olursa, bəxtimi sınayıram. Qolkiper qabaqda deyilsə, komanda yoldaşıma ötürmə edirəm.

 

- Bu qol daha yaxşı idi, yoxsa Mehdi Cənnətova vurduğun?
- Mehdiyə vurduğum. Çünki son dəqiqədə vurmuşdum. O, qol bizə qələbə qazandırmışdı. Həm də tam meydanın mərkəzindən zərbə endirmişdim.

 

- Uzaq məsafədən qol vurmaq istəyəndə ən çox nəyi nəzərdən keçirirsən? Qapıçının boyunu nəzərə alırsan?
- Yox! Qolkiper qabaqdadırsa, zərbəni endirirəm. Çox güman ki, həmin topa çata bilməyəcək.

 

- Zəhmət olmasa, səmimi cavab ver. Zərbəni vurduqdan sonra, top göydə olanda hiss edirdin ki, qol olacaq?
- Allaha dua edirdim ki, qol olsun (gülür).

 

- Komanda çox çətin durumda idi. 5-6 futbolçunuz yox idi. Özünü bu oyuna necə köklədiniz?
- İtirəcəyimiz heç nə yoxdur. Bizə vacib xallar lazım idi. Sonuncu pillədən qurtulmaq üçün oyuna köklənirik. Kiminsə olub-olmaması o qədər də önəmli deyil.

İLKİN SULTANLI, Qəbələ