AFFA-nın "Turan Tovuz" klubunu bir neçə gün öncə yaydığı bəyanata görə 20 000 manat məbləğində cərimələməsi barədə xəbər vermişdik. 

Bəs "Turan Tovuz" klubunun bu qərara cavabı nə olacaq? Tovuz təmsilçisi apellyasiya şikayəti verəcək? 

Klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev Offsideplus.az saytına açıqlamasında suallarımıza belə cavab verdi:

"Sözügedən məsələni həll etməyə çalışırıq. Bu rəhbərlik səviyyəsində həll olunacaq məsələdir. Yekunda fikrimizi bildirəcəyik. Məsələ konkretləşsin. Gün ərzində rəsmi bir qərar verilərsə, biz də ictimaiyyətə açıqlayacağıq".

Xatırladaq ki, "Turan Tovuz" XXIV turun "Şamaxı"ya qarşı oyunundan əvvəl bəyanat yaymış və bəyanatda qarşılaşmanın "CBC Sport" telekanalında canlı yayımlanmayacağının və VAR sisteminin yoxluğunun hakimlərin matçı şəffaf idarə etməyəcəyi ehtimalı yarada biləcəyi nəzərə çatdırılaraq, görüşün təxirə salınması xahiş edib. Müraciətə baxmayaraq, qarşılaşma baş tutub və "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. AFFA dünən kluba xəbərdarlıq etsə də, bu gün pul cəzası vermək qərarına gəlib.