"Turan Tovuz" futbol klubunun bu gün Misli Premyer Liqasının XXIV turu çərçivəsində "Şamaxı" ilə oyundan öncə yaydığı bəyanat AFFA rəhbərliyinin narazılığına səbəb olub.
Offsideplus.az xəbər verir ki, federasiya bir neçə dəqiqə öncə məlumat yayaraq, Tovuz təmsilçisinin çempionat matçını təxirə salmaq istəyinin qaydalara uyğun olmadığını nəzərə çatdırıb.
"Azərbaycan Premyer Liqasının Əsasnaməsində oyun canlı yayımlanmasa və ya VAR sistemi tətbiq olumasa, matçın keçirilməməsi ilə bağlı heç bir şərt yoxdur. Belə ki, meydançanın durumu imkan verdiyi halda, komandalar, hakimlər, hakim-inspektor, AFFA nümayəndəsi, təcili-tibbi yardım maşını stadionda olduğu təqdirdə, həmçinin təhlükəsizliklə bağlı hər hansı problem olmasa, oyun baş tutmalıdır" - deyə bəyanatda bildirilir.
Fürsətdən istifadə edən AFFA "Turan Tovuz" rəsmilərindən bundan öncə hakimlərlə bağlı yaşanan narazılıqlara da son qoymağı tələb edib: “Bu, AFFA-nı məyus edir. Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz”un hər hansı faktları və sübutları varsa, bunları ən qısa müddətdə AFFA-ya təqdim etmək xahiş olunur. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaq və müvafiq tədbirlər görüləcək".
Xatırladaq ki, bu gün "CBC Sport" telekanalının şəxsi heyətini və texniki avadanlıqlarını Şamaxıya aparan maşınlar güclü qar səbəbindən yolların bağlanmasına görə mənzil başına çatmayıb. Nəticədə "Şamaxı" - "Tovuz Turan" qarşılaşması canlı yayımlanmayıb, görüşdə VAR sistemi tətbiq olunmayıb. 
Oyun "Turan Tovuz" 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.