Misli Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi - 2:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandamı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq".
Mütəxəssis komandasının çempionluq ehtimalından da danışdı:
"İndiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki görüşü düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyi, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək. Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir, görəcəyik".