Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının sonuncu turunda mövsümün azarkeş rekordu qırılıb. 5 matçı ümumilikdə 24,300 fanat stadiondan canlı izləyib. Görəsən, PFL son turda belə məhsuldarlığı gözləyirdi? Bu, rekord qurum üçün sürpriz olmadı? Məsələ bağlı PFL-in media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Həmkarımız Offsideplus.az-a saytına açıqlamasında bunları söylədi:
“Son turda mövsümün rekordunun qırılması bizim üçün də xoş oldu. Burada bir çox amil rol oynadı. Avrokuboklara vəsiqənin sahibinin yerlərə uyğun olaraq bilinməməsi, hər 4 klubun 2, 3 və 4-cü pillələr uğrunda mübarizədə şanslarının qalması əsas məqam idi. Rəqabət yüksək idi. Bu da azarkeş marağının artmasına səbəb oldu. Burada önəmli məqamlardan biri isə idman prinsiplərinin qorunması oldu. “Qəbələ” kimi klub öz imicini qorumaq üçün sona qədər mübarizə apardı. Çox maraqlı matçlar oldu. Sevinirik. Ümid edirik ki, bu sonuncu olmayacaq. Ən yaxın zamanda bu rekord qırılacaq".