Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Yevlax təmsilçisinin baş məşqçisi Fizuli Məmmədov matçı şərh edib:
"Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda əməlli-başlı döyüşkən futbol sərgiləyirdi. Rəqibi də tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Onlar bunu etmək üçün çox mübarizə apardı. Bir qol oyunun taleyini həll etdi. Oyunun gedişatında sistem dəyişiklik edib, hesabı bərabərləşdirib, sonra da qələbə üçün əvəzetmələr etdik. Amma “Turan Tovuz”un müdafiə xətti çox yaxşıdır. Çalışdıq ki, rəqib səhv etsin. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik. Uduzduq. Artıq söz deyə bilmirəm. Hər futbolçuya təşəkkür edirəm. “Turan Tovuz”u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram”.


