Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Kosovo ilə keçiriləcək oyun haqda danışıb.
Offsideplus.az xəbər verir ki, Almaniyanın “Proyssen” klubunda forma geyinən Rüfət bu ölkənin “Bild” nəşrinə açıqlamasında bunları deyib: “Bu, çox qaynar bir duel olacaq. Kosovo güclü komandadır, yaxşı oyunçuları var. “Şalke”nin keçmiş futbolçusu Donis Avdiyay da orda çıxış edir”.
27 yaşlı forvard Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri matçın 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub: “Mənim bir sarı vərəqəm vardı. Baş məşqçi Kosovo ilə matçdakı çıxışımı təhlükə altında qoymaq istəmədi. Bizim üçün məhz bu oyunda uğurlu nəticə əldə etmək vacibdir”.
D liqasının 3-cü qrupuna 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə yer alıb. Son turda - noyabrın 20-də bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək.