"Bəzi oyunçuları zədə səbəbindən yığmaya dəvət edə bilməmişəm. Amin Seydiyev, Anton Krivotsyuk, Aleksey İsayev və Coşqun Diniyev buna görə komandaya çağırılmayıb".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş bu gün AFFA-nın inzibati binasında keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı çalışdırıcı Latviya (7 iyun) və Macarıstana (10 iyun) qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb. O bildirib ki, 2 futbolçu zəif çıxış etdiyindən dəvət almayıb: "Ramil Şeydayev və Ozan Can Kökçü öz klublarında mütəmadi oynamırlar. Öz klubunda forma geyinməyənlər təlim-məşq toplanışına dəvət almayacaqlar. Əgər gələcəkdə mütəmadi oynasalar, yığmanın qapıları onların üzünə açıqdır".
O, Türkiyənin "Boluspor" klubunun üzvü Vüsal İsgəndərlinin milli komandaya çağırılmamasına aydınlıq gətirib: "Heyətə 55 yox, 25 futbolçu çağırırıq. Vüsal öz klubunda bəzən cinah müdafiəçisi kimi çıxış edir. Hücum xəttinə lazımi futbolçuları çağırmışıq. Mən və köməkçilər azərbaycanlı futbolçuların çıxışlarını diqqətlə izləyirik. Hər mövqeyə ən yaxşılarını seçmişik".



