“Moldovaya qarşı oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik. Son məşqi bunun üzərində qurduq, uşaqlara lazımi məlumatı verdik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (U-17) baş məşqçisi Aqil Nəbiyev deyib.

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində Gürcüstan yığması üzərində 1:0 hesablı qələbəni şərh edən çalışdırıcı özünəinam sayəsində qalib gəldiklərini bildirib: "Gürcüstan yığması keyfiyyətli komandadır, oyunçuları iki ilə yaxındır bir yerdədirlər. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik. Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbəyə gətirib çıxardı. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.

A.Nəbiyev aprelin 19-da Estoniya komandasına qarşı keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inandığını vurğulayıb: “Qarşıda iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.