Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Belarusla yoldaşlıq görüşündən (0:2) sonra jurnalistlərin önünə çıxıb.

Mətbuat konfransında Offsideplus.az saytının da əməkdaşı olub.

- Birinci hissə hər iki komandanın intensiv, balanslı oyunu ilə keçdi. Futbolçularımız ilk 10-15 dəqiqədə daha çox arxaya meylli idilər. Hücuma çıxmaq lazım olduğunu tapşırdıq və onlar irəliyə atıldılar. Təhlükəli epizodlar yaratsaq da, qapımızda 2 top gördük. Əslində, ikinci hissədə oyuna yaxşı başlamışdıq. Xəyal yaxşı təsir bağışlayırdı. Toralın zərbəsi yaddaqalan oldu. İkinci hissənin ilk 15 dəqiqəsini yaxşı keçirdik. Daha sonra cüssəli Renat Dadaşovu mübarizəyə qoşdum. Şahin Şahniyarovun oyununu da vurğulamaq istəyirəm. O, 55-ci dəqiqədən sonra çətinlik çəkdi və buna görə əvəzləmə etdik. Bəsit səhvlərdən qol buraxdıq. Bu, futbolun bir parçasıdır. Belə səhvlərə görə çox üzülürük. 0:1-dən sonra komandam ruhdan düşmədi, hesabı bərabərləşdiirməyə çalışdı. Hiss edirdim ki, komanda qol vura bilər və üçlü müdafiəyə keçdik. İrəlidə kəsərli hücumlar qursaq da, qapımızda ikinci qolu gördük. Yüksək rəqabətli qarşılaşmada belə toplar buraxmaq olmaz. Ümumilikdə oyunçularım yaxşı çıxış etdilər. Bəziləri ilk dəfədir milli komandada oynayırdılar, bunu unutmaq olmaz. Pozitiv cəhətlər var idi. Hər bir futnolçu yığmada oynamaq bacarığı olduğunu göstərdi. Şahin Şahniyarov, Səbuhi Abdullazadə, Mert Çelik, Xəyal Əliyev, onların hamısı... Bu, pozitiv cəhət kimi yadda qalsa da, ümumi nəticə mənfi oldu.

 - Azərbaycan milli komandasında özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti varmı? Bu nə vaxt başa çatacaq?

- Biz məğlub olmamaq üçün hər şey edirik. Oyunçularım uduzmamaqdan ötrü əllərindən gələni etdilər. Bu gün futbolçular yaxşı çıxış etdilər. Toral Bayramovun epizodu qol olsaydı, fərqli nəticə görə bilərdik.

- Zamiq Əliyev bu dəfə də səhv etdi. Onu yenə heyətə salardıınızmı?

- Zamiqin 20 yaşı olduğunu unutmayaq. Bu gənclər davamlı oynamalıdırlar ki, özlərində inam yaransın. Biz onlarda inamı artırmalıyıq. Səhv etməkdən qorxsaq, inkişaf etməyəcəyik.

- Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Niyə Qismət Alıyevi cəlb etməmisiz milliyə?

- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim.  Üç gün əvvəl deyirdiz, o oyunçu niyə oynamır, indi başqası niyə oynamır?

- Portuqaliya Futbol Federasiyaslının rəhbərliyi 8 matçın 7-də uduzan əcnəbi məşqçini saxlayardı, yoxsa istefaya göndərərdi?

- Ayrı-ayrı milli komandaları nəzərə alsaq, ümumilikd 109 oyun keçirmişəm. Bunların 20-də məğlub olmuşuq. Portuqaliya və Azərbaycan yığmalarını müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 görüş məğlub olduqda baş məşqçini istefaya göndərirlər. Mən heç vaxt ardıcıl 2 matçda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.

- Futbol ictimaiyyəti və azarkeşlər məğlubiyyətlərə görə çox əsəbidir. Şəxsən siz üzr istəyib, onlara az da olsa. təskinlik vermək istəyirsinizmi? 

- Üzr istəmək bir az başqa şeydir. Əlbəttə ki, biz azarkeşlərin istəklərini qarşılamalı və onları sevindirməliyik. Biz də onlarla eyni hissləri keçiririk. Nəticələr görə üzülürük. Heç kim bu duruma görə sevinmir, nə mən, nə məşqçilər nə də oyunçular. Biz əlimizdən gələni etməliyik ki, vəziyyəti yaxşıya doğru dəyişək. Düşünürəm ki, işimizi davam etdirmək üçün kifayət qədər gücümüz va.O gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti nəticələrə sevinəcək. Sual versəniz, bəli, bu, düşündüyümdən bir az çox çəkəcək. Amma yenə deyirəm ki, bunun asan olmadığın dərk edirəm. Mən dəfələrlə söhbət edəndə də demişəm ki, bu, asan məsələ deyil. Bura gəlməzdən əvvəl 3 illik müqavilə razılaşdırmışdıq. Bundan öncə də bu prosesləri başa salmışam. Yenə deyirəm, burdan 1-2 illik təklif alsaydım, gəlməzdim. Çünki mən bilirəm ki, bu, asan proses deyil. Əgər ölkə haqda danışsaq, Azərbaycan mükəmməldir. Bakı haqqında danışsaq, mükəmməldir. Ümumi hər şey yüksək səviyyədədir. Ona görə də bundan danışmırıq. Məsələ budur ki, danışıqlarda bu şərt olsaydı, mən Fernandu Santuş bura baş məşqçi kimi gəlməyəcəkdim. Üzgünəm, çünki karyeramboyu mən bu qədər məğlub olmamışam. Yenə təkrarlayıram ki, özümün və oyunçularımın potensialına inanıram. Ümidvaram ki, istədiyimiz nəticələri qazanacağıq.

- Görünür, Haiti və Belarus yığmaları bizim üçün çox güclüdür. Bizə qələbə qazanıb, qalib ruhunu formalaşdırmaq lazımdır. Rusiya komandasının təcrübəsindən yararlanmaq istəmirsiniz ki? Onlar Bruney, Qrenada, Zambiya kimi kollektivləri darmadağın edib, azarkeşlərə qələbələr bəxş edirlər.   

- Bu, yaxşı  sualdır.  Sizin suala konkret cavab vermək istəyirəm. Əgər inkişaf etmək istəyiriksə, daha güclü milli komandalarla qarşılaşmalıyıq. Sizinlə razılaşıram, qalib gəlmək üçün ən aşağı səviyyəli yığmalarla oynamaq mümkündür. Belə olan halda, hamı nəticələrə sevinər, qələbə qazandığımıza görə xoşbəxt olarıq. Bəs bu, Azərbaycan futbolunun inkişafı üçün yaxşıdır, ya yox? Gələcəkdə özümüzdən daha güclü rəqiblərlə oynayıb, özümüzü inkişaf etdirməyə çalışacağıq. Güclü komandalarla qarşılaşanda səhvlər buraxıb, bunların üzərində işləyərək, inkişafa nail olursan.