Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə oyundan sonra dediyi fikirləri təkzib edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu gün Belarusla yoldaşlıq görüşünə həsr olunmuş mətbaut konfransında həssas bir məsələyə münasibət bildirib.

Ona "Haiti ilə oyundan sonra açıqlama vermişdiniz ki, bu gün komanda meydana məğlub olmağa çıxmışdı. Maraqlıdır ki, həmin sözləri  emosiyalara qapılaraq demişdinız, yoxsa matçı təkrar izlədikdən sonra da eyni fikirlərdə qalırsınız?" sualı ünvanlanıb.

Baş məşqçinin cavabı belə olub: "Mən belə açıqlama verməmişəm. Fikrim o idi ki, meydançaya daxil olduq və dərhal məğlub olmağa başladıq. Sonra dedim ki, komanda ilk hissədə qol epizodları yaratdı, reaksiya verdi, lakin epizodları reallaşdıra bilmədik. İkinci hissədə oyunda dəyişiklik etmə istədik. Amma qapımızda ikinci qolu gördük və bundan sonra demək olar, komanda təslim oldu. Oyunçular hər zaman qələbə qazanmaq üçün istəkli olmalıdırlar. Onlarda belə bir xüsusiyyət var ki, qol buraxan kimi həvəsdən düşürlər".

Xatırladaq ki, yığmamız martın 22-də Sumqayıtda Haitiyə qarşı keçirilən matçda 0:3 hesabı ilə uduzub. Sabah Fernandu Santuşun yetirmələri Belarusla qarşılaşacaqlar.